Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və kinorejissoru Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, gecənin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rusiyadakı səfirliyi olub.

Tədbirdə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında hazırlanmış eyniadlı monotamaşa nümayiş olunub. Bu hekayə müharibə əleyhinə ən təsirli əsərlərdən biri hesab olunur. Tamaşada uşaqlığını xatırlayan qəhrəmanın rolunu Azərbaycanın xalq artisti Fuad Osmanov ifa edib.

Tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qeyd edib ki, Maqsud İbrahimbəyovun əsərləri haqlı olaraq Azərbaycan ədəbiyyatının “qızıl fondu”na daxildir və onun inkişafına dərin təsir göstərib. Onun sözlərinə görə, Azərbaycan ziyalılarının ən parlaq simalarından biri olan Maqsud İbrahimbəyov Azərbaycan və Rusiyanın yaradıcılıq mühitinin görkəmli nümayəndələrinin mədəni inteqrasiyasında və yaxınlaşmasında müstəsna rol oynayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rufat Mahmud qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi ədəbi ruhun hökm sürdüyü, nəsillərin görüşdüyü və yeni yaradıcı cəmiyyətin formalaşdığı mühüm mədəni məkana çevrilib.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova təşkilatçılara və bütün iştirakçılara Maqsud İbrahimbəyovun yaradıcılığına göstərdikləri diqqətə görə təşəkkür edib.

Gecədə həmçinin rəssam-multiplikator, rejissor və aktyor Qarri Bardin, kinossenarist, aktyor və jurnalist Pavel Finn, rejissor Tural Vaqifoğlu çıxış ediblər. Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında təqdimat xarakterli videoçarxlar, eləcə də İçərişəhərdə onun adını daşıyan Mərkəzin açılışı ilə bağlı videoçarx nümayiş olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More