Amerika-Azərbaycan Gənclərinin II Forumu öz işinə başlayıb

Amerika-Azərbaycan Gənclərinin II Forumu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Evi”nin təşkilatçılığı və Amerika-Azərbaycan Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə ABŞ-nin Virciniya ştatında yerləşən Corc Meyson Universitetində öz işinə başlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Gələcəyin liderliyi üçün gəncləri birləşdirmək” şüarı altında keçirilən forumda ABŞ-nin 23 müxtəlif ştat və şəhərində fəaliyyət göstərən 37 universitetdə təhsil alan azərbaycanlı tələbələr, akademiklər və azərbaycanlı diplomatlar iştirak ediblər.

Forumun açılışında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Forum Virciniya ştatında fəaliyyət göstərən “Azərbaycan Evi”nin koordinatoru Nigar İbrahimova və Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürlünün moderatorluğu ilə baş tutub.

Forumda “Azərbaycan Evi”nin həmtəsisçisi Sevda Tahirli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev, Corc Meyson Universitetinin professoru Sevil Süleymani, AAYF-in sədri Leyla Aslanova çıxış edərək forumun əhəmiyyəti, illər öncə ABŞ-a köçən azərbaycanlıların səyləri nəticəsində artıq yeni gənclərin ölkədə daha asan inteqrasiyası, gənclərin şəbəkələşməsinin önəmi və gələcək fəaliyyət üçün hədəflər barədə fikirlərini bölüşüblər. Həmçinin icmanın və Azərbaycan dövlətinin hər zaman gənclərə dəstək olduğu vurğulanıb.

Çıxışlardan sonra baş tutan iki paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərin inkişafına necə töhfə verdiyi və qlobal əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirdə, həmçinin “Qarabağ Azərbaycandır” adlı video nümayiş olunub və qısa musiqi proqramı təqdim edilib. Günün ikinci yarısında Cənubi Meyn Universitetinin professoru Brenda M. Zollitş “Gənc lider kimi şəxsi dözümlülüyü inkişaf etdirmək” mövzusunda təlim keçib.

Qeyd edək ki, 28-29 iyun tarixlərini əhatə edəcək forumun məqsədi azərbaycanlı və amerikalı gənclər arasında qarşılıqlı əlaqələri gücləndirmək, qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək, eləcə də gənclərin liderlik bacarıqlarını inkişaf etdirməkdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More