Bakıda akademiyanın yaradılması Azərbaycan Bilyard Federasiyasının (ABF) uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir.
Bunu “Report”a açıqlamasında ABF-nin Marketing üzrə direktoru Mir Azad Əliyev deyib.
O, qurumun Bilyard Akademiyası yaratması ilə bağlı fikirlərini bölüşüb:
“Bu təşəbbüs ölkədə bilyard idmanını peşəkar səviyyədə inkişaf etdirmək, milli komanda üçün müasir və daimi məşq şəraiti yaratmaq məqsədi ilə reallaşdırılıb. Uzun illər ərzində bu idmana marağın artması və gənc nəslin bu sahəyə cəlb olunması bizi daha sistemli, davamlı şəkildə iş aparmağa sövq etdi. Akademiyanın yaranması həm də beynəlxalq arenada daha güclü nəticələr əldə etmək niyyətimizin real göstəricisidir”.
Direktor akademiyaya bir neçə idmançının cəlb olduğunu söyləyib:
“Hazırda Bilyard Akademiyasında müxtəlif yaş qruplarından olan idmançılar məşq proseslərinə cəlb edilib. Onların sırasında həm milli komandanın üzvləri, həm də perspektivli yeniyetmələr yer alır. Əlavə olaraq, yeni başlayanlar üçün xüsusi proqramlar hazırlanıb və bu istiqamətdə qeydiyyat davam edir. Son illərdə Azərbaycanda bilyarda maraq artmaqdadır və bu bizi sevindirir. Lakin daha geniş kütlələrə çatmaq və bu idman növünü regionlarda da təbliğ etmək üçün hələ görüləcək işlər çoxdur. Əsas məqsədimiz bilyardı sadəcə əyləncə deyil, həm də ciddi idman növü kimi təqdim etməkdir. Akademiyanın fəaliyyəti də məhz bu istiqamətdə ciddi bir addımdır”.
Federasiya rəsmisi qarşıdakı hədəflərdən də söz açıb:
“Əsas hədəfimiz beynəlxalq turnirlərdə uğurlar qazanmaq və Azərbaycanı dünya bilyard ictimaiyyətində layiqincə təmsil etməkdir. Qarşıda bir neçə vacib beynəlxalq çempionat var və idmançılarımız bu yarışlara ciddi şəkildə hazırlaşırlar. Eyni zamanda, gənc və istedadlı oyunçuların üzə çıxarılması və onların peşəkar səviyyəyə çatdırılması da prioritetlərimiz sırasındadır. Bu hədəflərə çatmaq üçün həm federasiya, həm də akademiya olaraq səylə çalışırıq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.