Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığın inkişafı üzrə “yol xəritəsi” imzalayıblar

Özbəkistan Ali Məclisi (parlament) Senatının sədri Tənzilə Narbayeva və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın görüşü çərçivəsində iki ölkə arasında 2025-2026-cı illər üçün parlamentlərarası əməkdaşlığın inkişafı üzrə Praktik Tədbirlər Planı imzalanıb.

Bu barədə “Report” Özbəkistan Ali Məclisi Senatına istinadən xəbər verir.

Qeyd olunub ki, bu sənəd Özbəkistan və Azərbaycan parlamentləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə yönəlmiş strateji “yol xəritəsi”dir. Sənəd iki dövlətin daha da yaxınlaşmasına töhfə verəcək konkret məqsədləri və praktik istiqamətləri əhatə edir.

Tərəflər qeyd ediblər ki, planın həyata keçirilməsi parlamentlərarası formatda inteqrasiya proseslərinin möhkəm təməli olacaq və ikitərəfli dialoqun davamlı mexanizminin qurulmasına kömək edəcək.

Bundan əlavə, görüş zamanı iki ölkənin qanunverici orqanları arasında sistemli və razılaşdırılmış işə töhfə verəcək Parlamentlərarası Komissiyanın Reqlamenti imzalanıb. Sənəd əməkdaşlığın müntəzəmliyini, ardıcıllığını və institusional sabitliyini təmin etməyə, parlamentlərarası tərəfdaşlığın siyasi-hüquqi bazasını gücləndirməyə yönəlib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More