FİFA rəsmi saytında Rusiya və Ukrayna klubları ilə müqavilələri birtərəfli qaydada dayandırmaq üçün əcnəbi futbolçu və məşqçilərə icazənin uzadıldığını açıqlayıb.
“Report”un FİFA-nın Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qayda 2026-cı il iyunun 30-dək uzadılıb.
FİFA əcnəbi futbolçulara 2022-ci ilin yayında Rusiya və Ukrayna klubları ilə müqavilələri dayandırmağa icazə verib.
“Davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbindən bu gün FİFA Şurasının Bürosu oyunçuların statusu və keçidi ilə bağlı qaydaların 7-ci əlavəsinin müddətini 30 iyun 2026-cı il tarixinədək uzatmaq barədə qərar qəbul edib.
Bu uzadılma münaqişənin təsirinə məruz qalan oyunçulara, məşqçilərə və klublara davamlı tənzimləyici dəstəyi təmin edir və FİFA-nın müstəsna hallarda futbol sisteminin sabitliyini və bütövlüyünü qorumaq üçün davamlı öhdəliyini əks etdirir.
Qərar FİFA-ya üzv assosiasiyalar, liqalar, klublar və oyunçu nümayəndələri də daxil olmaqla, futbolun maraqlı tərəfləri ilə geniş məsləhətləşmələr və konstruktiv dialoqdan sonra verilib”, – FİFA-dan bildirilib.
“Genişləndirilmiş müddəalara əsasən, əcnəbi oyunçular və məşqçilər Ukrayna Futbol Assosiasiyası (UAF) və ya Rusiya Futbol İttifaqı (RFU) ilə əlaqəli klublarla əmək müqavilələrini birtərəfli qaydada 2026-cı il iyunun 30-dək dayandırmaq hüququnu özündə saxlayacaqlar.
Bu hüquqdan istifadə etmək üçün onlar 2025-ci il avqustun 1-dək öz klublarını yazılı şəkildə xəbərdar etməlidirlər. Bu son tarix belə qərarların vaxtında və şəffaf şəkildə qəbul olunmasını təmin edir, onlardan sui-istifadə hallarının qarşısını almağa kömək edir və bütün tərəflər üçün hüquqi aydınlığı təmin edir.
FİFA Rusiya-Ukrayna münaqişəsini yaxından izləməyə davam edəcək və lazım gəldikdə tənzimləmə yanaşmasını uyğunlaşdırmağa hazırdır.
FIFA futbol ictimaiyyətinin bütün təsirlənmiş üzvlərinə dəstəyini ifadə edir və hüquqi müəyyənlik, ədalətlilik və həmrəylik prinsiplərini qorumaq üçün maraqlı tərəflərlə koordinasiyada işləməyə davam edəcək”, – FİFA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.