Honq-Konqda tikinti işləri zamanı 19-cu əsrə aid artilleriya silahı aşkarlanıb.
“Report” “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bu, son 17 ildə ilk belə tapıntıdır.
Təxminən dörd metr uzunluğunda olan silah üç metr dərinlikdə aşkar edilib. Polis dərhal insanları tikinti sahəsindən təxliyə edib, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə əməkdaşlar hadisə yerinə gəliblər. Lakin heç bir partlayıcı tapılmayıb.
Hərbi tarixçi, professor Kuan Çjivenin sözlərinə görə, bu, böyük ehtimalla 19-cu əsrin sonlarında Böyük Britaniyada hazırlanmış sahil müdafiə silahıdır.
Honq-Konqda tikinti zamanı qədim topların aşkarlanması ilk dəfə deyil. Burada II Dünya Müharibəsi ilə bağlı partlayıcı obyektlərə tez-tez rast gəlinir. Məsələn, ötən ilin oktyabrında 1941-ci ildə şəhərə basqın zamanı Yaponiya təyyarəsinin atdığı 227 kq-lıq bomba sahilə yaxın sularda aşkar olunub və zərərsizləşdirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.