Azərbaycan və Ermənistan rəhbərlərinin Birləşmiş Ərəb Əmirliklərində birbaşa formatda görüşməsi Cənubi Qafqaz üçün yeni perspektivlər açır.
Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Valeri Çeçelaşvili “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, görüşün yalnız dövlət başçıları ilə deyil, həm də baş nazir müavinləri, xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilməsi, tərəflərin bu görüşə ciddi hazırlaşdığını göstərir:
“Bu, onu deməyə əsas verir ki, sülh sazişi istiqamətində real irəliləyiş var. Ən önəmlisi görüşün vasitəçilərsiz, ikitərəfli formatda baş tutmasıdır. Bu isə onu göstərir ki, artıq tərəflər özləri birbaşa razılığa gəlmək istəyirlər”.
Valeri Çeçelaşvili hesab edir ki, bəzi hallarda vasitəçilər obyektivlik nümayiş etdirmir, tərəflərin yaxınlaşmasına mane olurdu:
“İndi isə tərəflər öz-özlərinə güvənərək, qarşılıqlı etimad quraraq danışırlar. Bu da yeni mərhələnin başlanğıcıdır”.
Onun fikrincə, ən vacib məqamlardan biri görüşün ikitərəfli formatda baş tutmasıdır. Politoloq hesab edir ki, bu tərəflərin özlərinin danışıqlar aparmağı öyrəndiyini və özlərinin öz aralarında razılığa gəlmək istəyini göstərir.
“Burada heç bir vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər çox zaman obyektiv şəkildə tərəflərin yaxınlaşmasına mane olurdular, prosesi ləngidirdilər”.
V.Çeçelaşvili əlavə edib ki, bu görüş Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq formatının təşəkkül tapması baxımından da əlamətdardır:
“Bu formatın alternativi yoxdur. Regionun gücü birliyimizdədir. Əgər biz üçlükdə işləsək – bu, təkcə bölgənin cəlbediciliyini artırmayacaq, eyni zamanda beynəlxalq tərəfdaşların hörmətini və rəqiblərin bizimlə hesablaşmasını təmin edəcək”.
Mənbə: Report.Az
Comments are closed.