“Air India” təyyarəsinin qəzaya uğramasının təfərrüatları məlum olub

“Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması havaya qalxdıqdan sonra mühərriklərə yanacaq təchizatı kəsilməsi səbəbindən baş verib.

“Report” xəbər verir ki, bu barədə qəzanın ilkin təhqiqatına dair hesabatda deyilir.

Sənədə əsasən, havaya qalxandan az sonra mühərriklərə yanacaq verilməsi dayandırılıb və bu, pilot kabinəsində çaşqınlıq yaradıb. Qeyd olunur ki, 1 və 2-ci mühərriklərə yanacaq verilməsi təyyarənin maksimal sürətə çatmasından dərhal sonra kəsilib.

Təyyarə bundan dərhal sonra qəzaya uğrayıb. Pilotlar mühərriklərdən birini işə sala biliblər, lakin bu, sürətin kəskin azalmasının qarşısını almağa kömək etməyib. Həmçinin, “Boeing”in uçuş zonasında mühərrikə əngəl ola biləcək heç bir quş müşahidə edilməyib.

Bundan əvvəl mülki aviasiya üzrə dövlət naziri Murlidhar Mohol bildirib ki, Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8” Dreamliner təyyarəsinin qəzaya uğramasının mümkün səbəblərindən biri təxribat hesab olunur.

Xatırladaq ki, AI171 reysi ilə Londona uçan “Boeing 787” təyyarəsi qalxışdan dərhal sonra yaşayış bölgəsinə düşüb. Onun göyərtəsində 242 nəfər – 230 sərnişin və 12 ekipaj üzvü olub. Qəza nəticəsində yalnız bir nəfər sağ qalıb, göyərtədə olan digər sərnişinlər, ekipaj üzvləri, bort bələdçiləri həlak olublar. Bundan əlavə, təyyarə tələbə yataqxanasının damına düşdüyü üçün yerdə də həlak olanlar var – ümumilikdə 310 nəfər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More