Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən görüşü regional sülhə doğru mühüm addım hesab oluna bilər.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, görüş eyni zamanda Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh gündəliyinin irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır:
“Sülh müqaviləsinin yekunlaşdırılması üçün isə bir sıra zəruri addımlar atılmalıdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını regionun sabitliyi və davamlı inkişafı üçün zəruri hesab edir. Ermənistan isə daxili siyasi təzyiqlərə baxmayaraq, prosesin irəliləməsində konstruktiv mövqe nümayiş etdirməyə cəhd göstərir. Görüşdə əldə olunan razılaşmaların konkret nəticələr verməsi üçün isə Ermənistan hakimiyyətinin siyasi iradə nümayiş etdirməsi, bu ölkənin hüquqi-normativ aktlarından qaynaqlanan maneələri və digər kənar təsir mexanizmlərinin təzahürlərini aradan qaldırması zəruridir.
Azər Kərimli
Bütün hallarda, Əbu-Dabidə keçirilən görüş Azərbaycanın müstəqil və praqmatik xarici siyasətinin uğuru, Ermənistanın konstruktiv yanaşma göstərmək cəhdi hesab oluna bilər”.
Deputat düşünür ki, Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində atılmış müsbət addım kimi qiymətləndirilir:
“Bu görüş təkcə iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyi, təhlükəsizliyi təmin etmək və iqtisadi əməkdaşlığın təməlini qurmaq üçün diplomatik fürsət hesab oluna bilər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.