Politoloq: Ermənistan sülh proesində əsaslı addımlar atsa, qeyri-regional iştirakçıların müdaxilə imkanı azalmış olacaq

Əgər Ermənistan ikitərəfli gündəlik əsasında əsaslı addımlar atsa, qeyri-regional iştirakçıların müdaxilə imkanı azalmış olacaq.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ermənistanla sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizinin açılması perspektivi reallaşmalıdır:

“Əks halda münaqişəli gündəm regionda qalacaq. Gələcəkdə nə vaxtsa yeni münaqişəyə çıxarılmasına səbəb ola bilər. Bunu da Ermənistan tərəfi anlayır. Görünən odur ki, bütün qeyri-regional iştirakçılar Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünü ümidverici adlandırır, nəticələr şifahi də olsa, dəstəklənir. Amma burada hər bir tərəf – Rusiya, ABŞ, Avropa öz maraqlarını təmin etmək niyyətindədir”.

Politoloq əlavə edib ki, kənar güclərin maraqları regionda toqquşur:

“Sadəcə yeni reallıqlara uyğun olaraq Azərbaycan və Ermənistan vasitəçi olmadan danışıq aparırlar. Ona görə də, onlar müdaxilə edə bilmirlər. Bu da hər iki tərəf üçün böyük üstünlükdür. Biz bilirik ki, Ermənistan xarici qüvvələrin təsiri altında olan ölkə kimi öz subyektivliyini təsdiqləməlidir. Əgər bu ölkə ikitərəfli gündəlik əsasında əsaslı addımlar atsa, qeyri-regional iştirakçıların müdaxilə imkanı azalmış olacaq”.

İlqar Vəlizadə

O vurğulayıb ki, əgər Ermənistan tərəfi yenə də xarici havadarların fitnəsinə getsə, sülh prosesi pozula bilər:

“Tərəflər danışıqlar çərçivəsində bütün məsələlərdə irəliləyiş əldə etməyə yaxındılar. Ümid etmək olar ki, Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı addımlar yaxın vaxtlarda atıla bilər. Bu ilin sonu və ya gələn ili birinci yarısında proses baş tuta bilər. Azərbaycan tərəfi qeyd-şərtsiz münaqişə istəmir. Bizə müharibə lazım deyil, əksinə sülh prosesinin moderizasiyası Azərbaycan tərəfinin əlindədir. Nikol Paşinyan da müharibə istəmir, çünki o, “Real Ermənistan” adlı layihəsinin reallaşdırmaq, revanşist qüvvələri səhnədən uzaqlaşdırmaq istəyir. O da sülh gündəliyinin irəli aparılmasında maraqlıdır”.

İ.Vəlizadə Azərbaycan və Ermənistanın xarici qüvvələrin sülh gündəliyinə təsiri ilə bağlı məsələlərdə narahatlığına diqqət çəkib:

“İki ölkənin mövqeyi üst-üstə düşür, xüsusilə Rusiya ilə bağlı. Hər iki tərəf Rusiyanın təsirini regionda azaltmaq istəyir. Burada da onların fikirləri üst-üstə düşür. Bu vəziyyətdən istifadə etmək lazımdır. Hazırda bunun üçün bütün imkanlar var”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More