İdarə rəisi: Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır

Şahbuz rayonunda yerləşən “Qanlıgöl” sututarında təmir-bərpa işlərindən sonra ümumilikdə 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni təqribən 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, uzun müddət “Qanlıgöl” sututarının su buraxıcı qülləsində təmir-bərpa işlərinin aparılmaması həmin qüllənin müəyyən hissəsinin yararsız hala düşməsinə səbəb olub:

“Bu da müəyyən ərazilərin su təminatında böyük problemlərə yol açıb. Bu, ötən il İdarə tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir. Dəniz səviyyəsindən 2 424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbalı xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır”.

M.Rzayev vurğulayıb ki, qlobal səviyyədə baş verən proseslər sututarlarına diqqət yetirməyi vacib sayır:

“Hər il yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, “Qanlıgöl” sututarına bənzər layihələri həyata keçirək”.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulmuş, böhran vəziyyətindən çıxmağa imkan yaradacaq layihələr var:

“Bu layihələrdən ən mühümü Araz Su Anbarından Heydər Əliyev Su Anbarına təzyiqli boru xətti ilə suyun çəkilməsidir. 2025-2027-ci illər üçün Təfsilatlı Tədbirlər Planına əsasən ümumilikdə icraçısı olduğumuz alt bəndlər daxil 16 yarımbəndlik tədbirlərin icrası nəzərdə tutulub. Bunlardan artıq 12-nin icrasına başlanılıb. Eyni zamanda 90-a yaxın kənd və qəsəbədə içməli su-kanalizasiya xətlərinin dayanıqlı su mənbələrindən qidalanmasının layihələndirilməsi üçün müqavilə bağlanılıb, yaxın zamanlarda icrasına başlanacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More