Xaçmazda sakinlər parkın hasarlanmasından narazıdır, rəsmilər vəziyyətin nəzarət altında olduğunu deyir

Xaçmazda satıldığı deyilən parkın ətrafı hasarlanıb.

Bunu “Report”un Şimal bürosuna parkın satılmasına etiraz edən sakinlər bildiriblər.

Məlumata görə, rayonun Heydər Əliyev prospektində yerləşən 3 saylı Tam Orta Məktəbin qarşısındakı bu kiçik parkda 50-dən çox ağac var.

Sakinlər iddia edirlər ki, parkda 23 ağacın dibinə dərman tökərək qurudublar.

Şəhər sakini Vüqar Heybətovun sözlərinə görə, şəhid adını daşıyan məktəbin həyəti naməlum şəxsə satılıb:

“Bir neçə il öncə gecə vaxtı bu ərazidə yaşayan sakinlərin şikayəti əsasında Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının müdaxiləsi ilə naməlum şəxslər tərəfindən ağacların kəsilməsinin qarşısı alınmışdı. Bir neçə gün öncəyə kimi bu ərazidə heç bir iş aparılmayıb. Təəssüflər olsun ki, həmin ərazini artıq hasarlayıblar, yenidən ağacları kəsərək ərazidə müəyyən tikinti işləri aparmaq istəyirlər”.

Sakin əlavə edib ki, parkdakı ağacların dibinə dərman və neft tökərək qurudulması ilə bağlı şəhər sakinləri ilə birgə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının da qəbulunda olub. Lakin parkın hansı əsasla hasarlandığı, kimə satıldığı məlum deyil.

Məsələ ilə bağlı Xaçmaz Şəhər İcra Nümayəndəliyindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazi 2007-ci ildə Xaçmaz şəhər Bələdiyyəsinin müvafiq qərarı ilə satılıb:

“Müxtəlif vaxtlarda həmin ərazi fərqli adamlara satılmış və sonuncu dəfə banka girov qoyulmuşdur. Bank tərəfindən problemli borcla əlaqədar müştərinin girov qismində olan əmlakı hərrac vasitəsilə satılmışdır. Vətəndaşın torpaq üçün çıxarış sənədi olduğundan xüsusi mülkiyyətinin qanunamüvafiq hasara alınması aparılmışdır.

Əlavə məlumat üçün bildiririk ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ərazi hasara alınmamışdan əvvəl mövcud olan ağaclar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi və Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkdaşları tərəfindən aktlaşdırılaraq nəzarətə götürülmüşdür. Ərazinin hasara alınmasına baxmayaraq, hazırda ağacların kəsilməsi və ya tikinti-quraşdırma işinin aparılması halına rast gəlinməmişdir. Ərazi daim nəzarətdədir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More