Lerikin Büzeyir kəndi yaxınlığında eyniadlı mağaralarda turizm marşrutlarının təşkili məqsədilə geniş infrastruktur işləri həyata keçirilir.
“Report”un cənub bürosunun məlumatına görə, layihənin ilkin dəyəri 560 min manat təşkil edir.
Məqsəd dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə olan doqquz mağaraya turistlərin rahat gediş-gəlişini təmin etməkdir. Layihə çərçivəsində mağaralar silsiləsinə aparan yolların təmiri, piyada yollarının çəkilişi, istirahət meydançalarının quraşdırılması, avtomobil duracağı salınması nəzərdə tutulub.
Lerikin İnkişafına Dəstək qrupunun təşəbbüsü ilə gerçəkləşən layihə üzrə Büzeyir kəndində təməlqoyma mərasimi keçirilib.
Tədbirdə rayon rəhbərliyi, deputatlar, ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Büzeyir kəndinin yaxınlığında aşkar edilən bu mağaralar ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Belə ki, mağaradan tapılan maddi nümunələr Paleolit dövrünə aid edilir.
Mağaralar dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Çoxtəbəqəli Büzeyir Paleolit düşərgəsində 1985,1990 və 2007-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı 6 təbəqə qeydə alınıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.