Elçin Kazımov: Ağdam Sənaye Parkında İstehsal olunan tütün məhsulları xarici ölkələrə ixracı edilir

Ağdam Sənaye Parkında istehsal olunan tütün məhsulları Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.

Bu fikirləri “Report”un Ağdama ezam olunan əməkdaşına İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib.

Qurum rəsmisi xatırladıb ki, ötən gün dövlət başçısının Qarabağ iqtisadi rayonuna tarixi səfəri çərçivəsində Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başladı:

“Bununla da Azərbaycanda mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 99-a çatdı. Yeni müəssisənin fəaliyyətə başlaması ölkədə qeyri – neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağımızın dirçəldilməsinə köməklik göstərəcək”.

E. Kazımlı adıçəkilən müəssisədə fəaliyyətə başlayan tütün məhsullarının istehsalı ilə bağlı danışarkən aşağıdakı faktlara toxunub:

“Fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdan çoxdur, hazırda fabrikdə 400 nəfərə yaxın şəxs daimi işlə təmin edilib. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. Müəssisənin illik istehsal gücü 20 milyard ədəd siqaret təşkil edir. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir”.

O qeyd edib ki, dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb:

“Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb”.

Qurum rəsmisi müəssisədə yeni iş yerlərinin yaradılması məsələsinə də toxunub. Həmçinin burada fəaliyyət göstərən müəssisələr barədə də məlumat verib.

“Tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması ilə əlavə olaraq 400 nəfərə yaxın yeni iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, daha 7-nin tikintisi davam edir, 16-nın isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub”.

Qeyd olunub ki, istehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və s. ölkələrə ixrac edilir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinə qədər 150 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Hazırda ölkədə 13 sənaye zonası mövcuddur, bu sənaye zonalarında investisiya potfeli 8 milyard manatdan çox olan 159 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More