Azərbaycan Prezidenti tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj verdi – RƏY

Şuşa Qlobal Media Forumu media mühitindəki tendensiyaların təhlili üçün çox uğurlu platformadır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Xankəndidə təşkil olunan bu tədbirin özəlliyi Azərbaycan Prezidentinin forum iştirakçıları ilə görüşü, media mənsublarının qarşısına çıxaraq onları maraqlandıran sualları cavablandırmasıdır:

“Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsindən sonra bütün diqqətlər Cənubi Qafqaz bölgəsinə yönəlib, qalib ölkə kimi Azərbaycanın, Prezident İlham Əliyevin dünyada gedən siyasi proseslərlə bağlı yanaşması beynəlxalq mətbuatın da diqqətindədir. Dövlət başçısı üç saata yaxın müxtəlif mövzuları əhatə edən sualları cavablandırdı”.

O xatırladıb ki, Azərbaycanın COP29-a uğurla ev sahibliyi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizinin aqibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Aİ münasibətləri, həmçinin ölkəmizin iqtisadi baxımdan cəlbediciliyilə bağlı Prezidentin mövqeyini hamı dinlədi:

“Dövlət başçısı hər zaman olduğu kimi bu tribunadan da postmünaqişə reallıqlarını, Azərbaycanın milli maraqlarının ön planda olduğunu bəyan etdi. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj da verdi”.

Zəngəzur dəhlizilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha əmin etdi ki, bu, sülh və əməkdaşlıq dəhlizidir.

“Destruktiv qüvvələrin bu layihə üzərindən regionda gərginlik yaratmaq cəhdləri baş tutmayacaq. Rəsmi İrəvan da bu məsələyə regionun təhlükəsizliyi prizmasından yanaşmalıdır. Çünki layihə bütün iştirakçıların, o cümlədən də dalan ölkəyə çevrilən Ermənistanın rifahına xidmət edəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More