İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digər reallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi. Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O, qeyd edib ki, ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır: “Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgə səylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır.
V.Rəhimzadə Qlobal Media Forumunda diqqət göstərilən məsələrdən biri kimi Zəngəzur dəhlizinin açılmasının dünyada sülhə, təhlükəsizliyə və iqtisadi inkişafa verəcəyi töhfələrdən bəhs edib: “Belə ki, Prezident İlham Əliyev bununla bağlı ünvanlanan suala cavabında qeyd etdi ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi nəzərdə tutulmur. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyur. Son illərdə milyardlarla dollar sərmayə yatırılıb. Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.