Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş çıxışı, eləcə də jurnalistlərin suallarına cavabları dünya xəbər agentliklərinin və nəşrlərinin diqqətini cəlb edib.
“Report” xəbər verir ki, xarici KİV-lər Azərbaycan dövlət başçısının Rusiyada AZAL-a məxsus təyyarənin qəzaya uğraması, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi tələbi ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirib.
Polşanın “Viadomosci” nəşri qeyd edir: “Azərbaycan tərəfi təqsirkarların məsuliyyətə cəlb edilməsində və dəymiş ziyanın ədalətli şəkildə ödənilməsində israrlıdır. Prezident İlham Əliyev bildirdi ki, Moskva hələlik dəqiq cavablar verməyib və ölkə beynəlxalq məhkəmə orqanlarına müraciət etmək niyyətindədir”.
Ukrayna KİV-ləri – “Ukrinform”, “RBC-Ukrayna”, “İnterfaks-Ukrayna” və “Azadlıq” radiosu dövlət başçısının Qafqaz və Ukraynadakı münaqişələrlə bağlı mövqeyini vurğulayan sitatlarla materiallar dərc ediblər. Xüsusilə, “Qordon” nəşri Prezident İlham Əliyevdən sitat gətirir:
“İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”.
Məqalələrdə birinci Qarabağ müharibəsinin Azərbaycan üçün ağır nəticələri, o cümlədən milyonlarla insanın didərgin düşdüyü, iqtisadiyyatın bərbad vəziyyətdə olduğu və beynəlxalq dəstəyin çatışmadığı vurğulanır. Prezident qeyd edib:
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq”.
Azərbaycan Prezidentinin çıxışı Rusiyanın TASS, “İnterfaks”, “RİA Novosti”, “Lenta.ru”, “Gazeta.Ru”, “Moskovski Komsomolets”, “Vestnik Kavkaza” və digər media orqanlarında işıqlandırılıb. TASS xəbər verir ki, İlham Əliyev deyib:
“Bakı və İrəvan “sülh sazişi imzalamağa çox yaxındır”. Sazişin mətni əvvəlcədən paraflana bilər, lakin yekun imza yalnız Ermənistan konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra mümkündür”.
“Gazeta.ru” nəşri və “RİA Novosti” agentliyi Prezident İlham Əliyevin ABŞ-la qarşılıqlı fəaliyyətə dair bəyanatını ön plana çıxarıb. O, Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.
Gürcüstanın “Publica.ge”, “Formula”, “Press.ge”, “İnterpress” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. Özbəkistanın “Zamin”, “Kun”, Qazaxıstanın “Kazinfo” rəsmi agentliyi, “Tengri”, “Orda”, “Ulısmedia” qəzetləri də Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıb.
İspaniyanın geniş oxucu kütləsinə malik “Europapress”, “Democrata”, Teleprensa”, “Upday” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı insident, Ermənistanla sülh prosesi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması və kommunikasiyaların açılması ilə bağlı fikirləri yer alıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb.
Beləliklə, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı aparıcı xarici mediada geniş işıqlandırılaraq, Azərbaycanın regional təhlükəsizlik, beynəlxalq hüquq və rəqəmsal inkişafla bağlı əsas mövqelərini vurğulayan beynəlxalq ictimaiyyət üçün mühüm hadisəyə çevrilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.