“Euronews”un rəhbəri: Medianın sükanı arxasında süni intellekt yox, insan dayanmalıdır

Yalnız süni intellektə güvənmək düzgün qərar deyil, düşünən maşına güvənməkdənsə insana etibar etmək daha məqsədəuyğundur.

“Report”un əməkdaşı xəbər verir ki, bunu “Euronews” telekanalının baş direktoru Klaus Ştrunts III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

“Mənim süni intellektə güvənmək meylim var. Lakin həqiqətən vacib məsələlərə gəldikdə, mən insan təcrübəsini üstün tuturam. Bu xüsusilə maraqlıdır, çünki forum çərçivəsində eşitdik: nə vaxt ki, nəsə çox vacib olur, insanlar yoxlanılmış mənbələrə – ciddi KİV-ə müraciət edirlər. Qalan 90 % hallarda isə onlar başqa bir şeyə güvənirlər. Bu müşahidə mənə çox əhəmiyyətli görünür və bu, müəyyən dərəcədə jurnalistikada süni intellekt haqqında müzakirənin mahiyyətini əks etdirir: texnologiyalar böyük imkanlar açır, lakin sükan arxasında yenə də insan durmalıdır”, – o qeyd edib.

K.Ştruntsun sözlərinə görə, süni intellektin jurnalistikaya təsiri sürətlə artır, lakin onun istifadəsinin əhəmiyyətli hissəsini məhz dezinformasiyanın yayılması təşkil edir:

“Dezinformasiyaya qarşı durmaq zərurətindən irəli gələn jurnalistikanın yeni maraqlı forması yaranır. Bu, canlı jurnalistikanın əsas üstünlüklərini – ekspertliyi, faktları yoxlamaq, mənbələri təkrar yoxlamaq və yalanı aradan qaldırmaq qabiliyyətini vurğulayır. Bu, işimizin əsas istiqamətlərindən biridir. Bundan əlavə, bunu həyata keçirmək daha çətin olsa da, hesab edirəm ki, süni intellekt tərəfindən yaradılan dezinformasiyaya qarşı elə onun öz alətləri ilə mübarizə aparmaq lazımdır.

Feyklər yaradan proqramlar meydana çıxanda, biz onları ifşa etmək üçün digər süni intellekt proqramlarından istifadə etməliyik. İndi hər şey buna nə qədər investisiya yatırılacağından asılıdır”.

“Euronews”un rəhbəri, məhz insan amilinin – onun tənqidi düşüncəsinin, əxlaqının və təcrübəsinin hətta rəqəmsal texnologiyalar dövründə də həlledici olaraq qaldığını vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More