Respublikaçılar Partiyasının üzvləri Vaşinqtondakı Con Kennedi adına İfaçılıq sənətləri mərkəzinin bir hissəsini birinci xanım Melaniya Trampın şərəfinə adlandırmağı təklif edirlər.
“Report”un məlumatına görə, təşəbbüskar Nümayəndələr Palatasının Aydaho ştatından olan üzvü Mayk Simpson olub.
“Kennedi Mərkəzindəki Opera Teatrını Melaniya Trampın şərəfinə adlandırmaq birinci xanımın incəsənətə olan sevgisinə minnətdarlığı ifadə etməyin gözəl bir yoludur”, – deyə Simpson X sosial şəbəkəsində yazıb.
NBC xəbər kanalının məlumatına görə, Nümayəndələr Palatasındakı respublikaçılar bu təşəbbüsü 2026-cı maliyyə ili üçün əlaqəli qurumların maliyyələşdirilməsi haqqında qanun layihəsinə daxil ediblər.
Qanun layihəsi 33 səsə qarşı 28 səslə təsdiqlənib. Sənəd avqust tətilindən sonra Nümayəndələr Palatasının tam tərkibində səsverməyə çıxarılacaq.
Con Kennedi adına Opera Teatrı 1971-ci ildə ABŞ-ın 35-ci prezidentinin xatirəsinə açılan məşhur Vaşinqton Kennedi Mərkəzinin bir hissəsidir. 2200 tamaşaçı tutan teatr səhnəsi dünya opera premyeralarını və Luçano Pavarotti, Anna Netrebko kimi məşhur artistlərin konsertlərinə ev sahibliyi edib.
2025-ci ilin fevralında ABŞ prezidenti Donald Tramp özünü Kennedi Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.