Avropa Komissiyası maliyyələşdirmədən istifadə edərək onun siyasəti ilə razılaşmayan ölkələrə, o cümlədən Macarıstana təzyiq göstərir.
“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “RİA Novosti”yə müsahibəsində bildirib.
“Avropa Komissiyası çirkli oyun oynayır – onlar adətən ödənişlərə “şərtlər” əlavə edirlər. Bu isə onlara siyasi baxımdan xoşlamadıqları ölkələrə və ya hökumətlərə qarşı maliyyə sanksiyaları tətbiq etmək imkanı verir. İndi Macarıstanla belə olur”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Macarıstan milli maraqlara əsaslanan vətənpərvər, mühafizəkar siyasət yürütdüyünə görə “maliyyə sanksiyaları” altındadır: “Brüsseldən təzyiq 2010-cu ildə hakimiyyətə gəldiyimiz andan başladı. O zaman aydın oldu: biz liberal ana axının bir hissəsi deyilik”.
Nazir həmçinin qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa Komissiyasının deyil, öz ölkəsinin və vətəndaşlarının maraqları naminə fəaliyyət göstərir.
Ötən həftə Macarıstanın baş naziri Viktor Orban bildirib ki, əgər vəziyyət geri dönüş nöqtəsinə çatarsa, onun ölkəsi Avropa İttifaqından çıxmaq barədə düşünə bilər.
Daha əvvəl Avropa Komissiyası bəyan edib ki, Macarıstan Rusiya ilə əlaqələrinə görə Avropa İttifaqında təcrid olunub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.