FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə marşalların təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə marşalların növbəti təlimi keçirilib.

“Report” xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək “Formula 1” yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.

Həmçinin təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.

Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Planlaşdırma Şöbəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 200 nəfər marşal var:

“Onlardan 60 nəfəri Fövqəldə Hallar Nazirliyinin peşəkar yanğınsöndürənləridir”.

E. Ağayev onu da əlavə edib ki, təlimlər bundan sonra da yarışlar başlayana qədər davam etdiriləcək:

“Təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı yanğın baş verərsə, qarşısının alınması, eləcə də marşalların bilik və bacarıqlarının artırılmasıdır”.

Şöbə rəisinin sözlərinə görə, təlimlər iki hissədən ibarətdir:

“Nəzəri hissədə yanğın zamanı davranış və digər qaydalar, praktiki hissədə isə texniki avadanlıqlarla iş üzrə davranış izah olunur”.

Yanğınsöndürmə komandanlığının rəhbəri Vüsal Rüstəmov da jurnalistlərə açıqlamaaında təlimin məqsəd və istiqamətləri barədə məlumat verib:

“Burada yanğınlar zamanı balonlarla davranış, onların istifadə olunması, yanğına yaxınlaşma texnikası və verilən komandaların icrası praktiki şəkildə göstərilir və icra olunur”.

Məlumat üçün qeyd edək ki, iyul ayından başlayan təlimlər artıq 3-cü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu ilin 19-21 sentyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.

FOTO: Mircavid Eminoğlu

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More