Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu BMT-nin İsraillə yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması qərarını həyata keçirməkdir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstin probleminin nizamlanması üzrə yüksək səviyyəli beynəlxalq konfransında çıxışı zamanı İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Safadi deyib:
“Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib və fələstinlilər danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Lakin İsrail sülh prosesinə maneçilik törədir və öhdəliklərini yerinə yetirmir. Bu vəziyyətdə BMT Təhlükəsizlik Şurasının yəhudi dövlətinə qarşı tədbir görməsinin vaxtı çatıb”.
Əs-Safadi beynəlxalq ictimaiyyətin diqqətini İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində “sülh perspektivlərini sarsıdan və gərginliyi artıran” birtərəfli hərəkətlərinə yönəldib. “Biz İsraili dayandırmaq və humanitar fəlakətin davam etdiyi Qəzza zolağında faciəyə son qoymaq üçün hərəkətə keçməliyik”, – o vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.