Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında uğurlu çıxış ediblər.
Bunu “Report”a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov deyib.
Qurum rəsmisi uğur qazanan idmançılardan bəzilərinin yaşlarının az olmasını xüsusi vurğulayıb:
“7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan komandası olaraq ilk dəfə çıxış etdik. 9 idman növündə təşkil olunan oyunların yarısından çoxunda təmsil olunduq. Paralimpiyaçılarımız 33 ölkədən 700-ə yaxın idmançının mübarizə apardığı oyunlarda 4 qızıl, 2 gümüş və 7 bürünc medalla Vətənə qayıtdılar. Komandanın çıxışını uğurlu hesab edirik. Sevindirici haldır ki, medal qazanan idmançılardan paraatlet Ayşə Arabovanın 14, parataekvondoçu Səmayə Həsənovanın isə 16 yaşı var. Ümumilikdə isə bu, 7 idmançımız üçün ilk beynəlxalq yarış idi. Yeni gənc nəsil formalaşır. Komitə olaraq paralimpiyaçılarımızın beynəlxalq turnirlərdə uğurlu çıxışı üçün dəstək verməyə davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar.
Mənbə: Report.Az
Comments are closed.