Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib.
“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Surdo tərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır. Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir.
Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı yaradır.
Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə “Whatsapp” və ya “Telegram” platforması vasitəsilə müraciət etmək olar.
Mənbə: Report.Az
Comments are closed.