Məktəbli bıçaqlanaraq öldürüldü – Sinif yoldaşı saxlanıldı – Yenilənib

Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə.-nin sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirməsində əsaslı şübhələr müəyyən edilib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qətli törətməkdə şübhəli bilinən S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 16-sı saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi) şəxs xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. 

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb.

***

Lənkəran – Astara Regional Təhsil İdarəsinin məlumatına görə, bu gün Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: “Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib”.

İdarədən həmçinin bildirilib ki, hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır: “Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More