Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Lənkəranda İnnovasiya Mərkəzinin açılması ilə bağlı potensial tərəfdaşlarla danışıqları davam etdirir.
Bu barədə “Report”a agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Xalıqov bildirib.
O xatırladıb ki, bu il İRİA Gəncə və Naxçıvanda İnnovasiya mərkəzləri açmağı planlaşdırır.
“Gəncədəki mərkəz innovativ düşünən gənclərin, eləcə də texnologiya və sahibkarlıqla maraqlanan hər bir kəsin görüş yerinə çevriləcək. Burada startapların və yeni ideyaların həyata keçirilməsi üçün lazım olan hər şey – kovorkinq zonaları, kompüter sinifləri, danışıq otaqları, konfrans zalları və istirahət zonaları yaradılacaq”, – R.Xalıqov qeyd edib.
Onun sözlərinə görə, həmçinin Naxçıvan Dövlət Universitetinin bazasında İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparılıb.
“Biz əminik ki, belə layihələr regional innovasiya ekosisteminin inkişafında mühüm rol oynayacaq”, – İRİA-nın sədr müavini əlavə edib.
Hazırda İRİA-nın innovasiya mərkəzləri Bakı və Sumqayıtda fəaliyyət göstərir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.