Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, nazirliyin Aparat rəhbəri Azad Cəfərli bu gün Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gədəbəy, Göygöl və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaq sahəsinin ayrılması, texnikaların icarəyə verilməsi, aqrotexniki xidmətləri ilə təmin olunma, özünüməşğulluq proqramı çərçivəsində iri və xırda buynuzlu mal-qara ilə təmin olunma və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Gədəbəy rayonunun Slavyanka kəndində fermer Nizami Quliyevə məxsus kartof, çuğundur və kələm sahələrinə, Zəhmət kəndində fermer Ariz Aslanovun arıçılıq təsərrüfatına baş çəkib. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin mövcud vəziyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.