Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü – Foto – Yenilənib

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ötən gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib.

Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More