COP29 Azərbaycanın rəqəmsal inkişaf məsələlərində liderliyini və strateji baxışını nümayiş etdirib.
“Report”un məlumatına görə, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martin Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ITU uzun illərdir Azərbaycanla davamlı və səmərəli əməkdaşlıq edir.
“Tərkibində 48 dövlət olan ITU Şurasının üzvü kimi Azərbaycan bu rəhbər orqanın fəal iştirakçısıdır. Bununla yanaşı, Azərbaycan radiotezliklərin tənzimlənməsi üzrə müstəqil şuraya daxildir. Bu, xüsusilə də bu gün kosmik texnologiyalar və radioəlaqə sahəsində genişmiqyaslı dəyişikliklərin baş verdiyi dövrdə son dərəcə əhəmiyyətli roldur, “, – D.Boqdan-Martin vurğulayıb.
O qeyd edib ki, ITU-nun Azərbaycanla qarşılıqlı əlaqəsi həmişə dərinliyi və sabitliyi ilə fərqlənib: “Biz kiber təhlükəsizlik sahəsində qlobal gündəlik məsələləri üzrə fəal əməkdaşlıq etmişik. Mən həmçinin keçən il, Azərbaycan COP29-a ev sahibliyi edərkən burada oldum. Ev sahibi ölkənin öhdəliyini müşahidə etmək çox maraqlı idi. COP çərçivəsində ilk dəfə olaraq rəqəmsal gün keçirdik və bu ənənə bu il Braziliyada davam etdirildi. Hesab edirəm ki, bu, Azərbaycanın rəqəmsal inkişaf məsələlərində liderliyini və uzaqgörənliyini parlaq şəkildə nümayiş etdirir”.
Mənbə: Report.Az

Comments are closed.