Bu il Azərbaycana qarşı həyata keçirilən kiberhücumlar arasında APT və ya dövlət dəstəkli hücumlar üstünlük təşkil edir.
“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, əvvəlki ilə nisbətən 2025-ci ildə “Ransomware” hücumlarının azalması diqqət çəkir: “Biz istər APT hücümların araşdırılmasında, istər onların gələcək fəsadların olmaması üçün digər təşkilatlara, kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə, kollegial fəaliyyət həyata keçiririk”.
D. Rüstəmov bildirib ki, bu il kibertəhdid mübadiləsi platforması daha da genişləndirilib: “MISP platforması üzərində qurulmuş bu məlumat mübadiləsi platformasına bu il artıq 5 dövlətin xüsusi xidmət orqanının qoşulması tam təmin edilib. Onlardan alınmış kiber təhdid göstəriciləri aidiyyəti maraqlı tərəflər arasında vaxtında paylaşılıb”.
Mənbə: Report.Az
Comments are closed.