Sərnişin “Kəlmeyi-şəhadət” gətirəndə Kşnyagin son komandanı verirdi…

Bu gün səma faciəmizin ildönümüdür, amma həm də postunda sona qədər duranların günüdür. 25 dekabr son ana qədər sükanı əlindən buraxmayan, dəlmə-deşik hava gəmisini son nəfəsinə qədər endirməyə çalışan Kşnyakin komandasının, “hazır olun, sərt eniş olacaq!” komandasını verənə qədər, yəni təyyarə yerə çırpılana qədər səsucaldanın yanından çəkilməyən Hökumənin timsalında Milli Sədaqət Günümüzdür. 

25 dekabr “J2-8243” reysinin paltarla, kəfənlə dəfn olunan, külü göyə sovrulan, qanı qaşıqda qalan qəhrəmanlarının tarix yazdığı gündür. Milad bayramı, Həmrəylik Günü ərəfəsində baş vermiş, xristianla müsəlman qanının qarışdığı bu faciə özlüyündə bir sədaqət simvoludur. Qeyrət, peşəkarlıq son nəfəsə qədər qorunanda tarix yazılır. 

Həmin an “J2-8243” reysində bir sərnişin “Kəlmeyi-şəhadət” gətirəndə kapitan İqor Kşnyagin heyətə son komandalarını verirdi. Hamı son sözünü deyirdi! 

Qanadları qırılıb yerə enən pilotlar üçün dəniz, sahil həmişə ümiddir. Enəndə dənizi görmək də hər pilota nəsib olmur. Səmadan düşənlərə dəniz nemətdir. 

Kşnyakinin mənasız Qazaxıstan çöllərində bir ümid umaraq dəfələrlə dövrə vurması bir növ öz peşəkarlığının başına dolanmasına bənzəyirdi. Təslim olmurdu. Bəlkə, min dəfə baxmışıq o dəhşətli qəzaya, o çarəsiz dövrələrə. Kşnyakinin ağ-göy qanadlı AZAL təyyarəsi ilə yaralı qartalın son çırpıntılarına bənzər dövrələri Balaş Azəroğlunun “Qartalın ölümü” şeirini andırır. 

Şeirdə qartala namərd gülləsi dəyir və o, dərəyə düşür. Lakin dərə ona çox yaddır, o, heç vaxt dərəyə qonmayıb. Özünə sığışdırmır, son gücü ilə sürünür, sürünür… Bir gölün kənarına çatır. Üstdən aşağı gölə baxanda suda əks olunan səmanı görür və vüqarla asimanın əksinə baxır:

Qartal heyrət ilə dayandı bir an,

O göl əks etmişdi göyün üzünü.

– Məndən aşağıdır yenə asiman –

deyərək, qayadan atdı özünü.

 

Qartalı qoynuna elə aldı göl,

Sanki bir ox düşüb suları dəldi.

Onun xəyalında elə qaldı göl,

Sandı ki, buludlu göylərdə öldü. 

İqor Kşnyakin də Xəzərdə asimanı görürdü. Qocaman qartalların qanadları dayananda ölüm sevinmir. 

Bu gün minlərlə insan düz yolda “Mercedes-190”ı qəzaya salır, o isə qəzalı “Embraer-190”ı səmadan endirdi. Vurulmuş, deşilmiş, yerlə bütün irtibatını itirmiş təyyarənin içində 29 nəfərin canını qurtara bildi.

Həmin sabah “J2-8243” reysindəki bütün insanlar, sanki seçilmişlər idi. Kapitanından sərnişininə qədər…

Hökumə “20 nəfər qabağa gəlsin” deyəndə, qabağa gələn 20 nəfər… Görəsən, həyatda kimsə sizin qədər qabağa gələ bilib? Qədəmlərinizə qurban!

Digər 29 nəfəri salamat saxlayan addımlarınıza fəda! Vətən beləcə – addım-addım böyüyür. 

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More